Omanda Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib
2025-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyində 8 Noyabr – Zəfər Gününün 5 ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə diplomatik korpusun nümayəndələri, Omanın işgüzar dairələrinin təmsilçiləri, yerli media nümayəndələri, eləcə də Omanda yaşayan azərbaycanlı icmasının üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov qonaqları salamlamış və Zəfər Gününün Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulamışdır. Səfir qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Səfir çıxışında həmçinin Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri, regionda sülhün və sabitliyin təmininə yönəlmiş siyasəti barədə məlumat vermişdir.
Tədbirdə Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan, Pakistan və Şimali Kipr Türk Cümhuriyyətinin Omandakı səfirləri, həmçinin digər diplomatik nümayəndəliklərin nümayəndələri iştirak etmişlər.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, Azərbaycan musiqi nümunələri səsləndirilmiş və milli mətbəximizin ənənəvi təamları təqdim olunmuşdur. Qonaqlar Azərbaycan xalqının zəfər ruhunu və milli həmrəyliyini yüksək qiymətləndirmişlər.
Sonda Səfir Rəşad İsmayılov qeyd etmişdir ki, Zəfər Günü yalnız Azərbaycanın hərbi qələbəsinin deyil, həm də xalqın birliyi, iradəsi və milli qürurunun təntənəsidir.