Hörmətli vətəndaşlarımız,
Diqqətinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir.
Oman Sultanlığında daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Oman Sultanlğındakı Səfirliyinin konsulluq dairəsində konsulluq uçotuna alır. Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması ödənişsiz yerinə yetirilir.
Oman Sultanlığında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu
Oman Sultanlığında daimi əsaslarla, başqa sözlə bu ölkələrin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya bu ölkələrdə daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə (ID card - iqama) malik olan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyində qeydiyyata alınırlar.
Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin qeydiyyat kartında qeyd olunur.
Oman Sultanlığında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq qeydiyyatına alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyə təqdim etməlidirlər:
- Doldurulmuş Xaricdə-daimi-yaşayan-AR-vətəndaşı-üçün-qeydiyyat-anketi-2.doc ;
- Pasport üçün rəngli fotoşəkil – 1 ədəd;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
- Azərbaycan Respublikası vətəndaşının Oman Sultanlığında daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.
Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Oman Sultanlığında daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.
Məlumat üçün diqqətinizə çatdıraq ki, Oman Sultanlığındakı Azərbaycan Respublikasının Səfirliyi tərəfindən Oman Sultanlığında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq qeydiyyatına alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyində qeydiyyata alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinin konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.
Oman Sultanlığında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı
Üç aydan çox müddətə Oman Sultanlığına işləməyə ezam olunmuş, təhsili ilə bağlı və ya şəxsi qaydada (qonaq, müalicə və digər məqsədlə) səfər etmiş Azərbaycan Respublikası vətəndaşları işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyində qeydiyyata alınırlar.
Oman Sultanlığında müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq qeydiyyata alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyinə təqdim etməlidirlər:
- Doldurulmuş Xaricdə-müvəqqəti-yaşayan-AR-vətəndaşı-üçün-qeydiyyat-anketi-2.doc ı;
- Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surəti;
- Azərbaycan Respublikası vətəndaşının Oman Sultanlığında müvəqqəti yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.
Diqqət! Nəzərinizə çatdırmaq istərdik ki, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatı ilə bağlı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış qeydiyyatında olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.
Konsulluq qeydiyyatına alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə Oman Sultanlığında müvəqqəti yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) kserosurətləri Səfirliyə təqdim edilməlidir.