Azərbaycanın Oman Sultanlığındakı Səfirliyində İftar Süfrəsi təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Oman Sultanlığındakı Səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə Omanda yaşayan Azərbaycan icmasının üzvləri üçün iftar süfrəsi təşkil olunmuşdur.
Tədbirdə Omanda yaşayan soydaşlarımız, müxtəlif sahələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər, tələbələr və ailələr iştirak etmişlər. İftar süfrəsi Ramazan ayının mənəvi dəyərlərini, birlik və həmrəylik ənənələrini bir daha nümayiş etdirmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov çıxışında Ramazan ayının İslam dünyasında xüsusi əhəmiyyətini vurğulamış, bu ayın mərhəmət, paylaşma və qarşılıqlı dəstək rəmzi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, xaricdə yaşayan soydaşlarımızla müntəzəm görüşlərin təşkili, onların bir araya gətirilməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması Səfirliyin fəaliyyətində mühüm yer tutur.
Çıxış zamanı Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılmış, icma üzvlərinin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilmişdir.
Səmimi və mehriban ab-havada keçən iftar süfrəsi çərçivəsində soydaşlarımız arasında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Tədbir birlik və həmrəylik ruhunda başa çatmışdır.