29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Omanın Statistika və Məlumat üzrə Milli Mərkəzinin Baş icraçı direktoru Dr. Khalifa Abdullah Al-Barwani ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan ilə Oman arasında statistik məlumatların mübadiləsi, rəqəmsal transformasiya, məlumat əsaslı idarəetmə və müasir texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Tərəflər statistik sistemlərin inkişafı, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlıq istiqamətlərində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışlar.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Omanın Statistika və Məlumat üzrə Milli Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcəkdə əməkdaşlıq haqqında memorandumun imzalanması imkanları nəzərdən keçirilmişdir.