15 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Oman Sultanlığının yeni təyin olunmuş Turizm və Mədəni İrs naziri Seyyid İbrahim bin Səid Əl-Busəidi ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan ilə Oman arasında turizm və mədəniyyət sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Tərəflər iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin dinamik inkişaf etdiyini vurğulamış, xüsusilə humanitar və mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Səfir Rəşad İsmayılov Azərbaycan Respublikasının zəngin mədəni irsi, turizm potensialı və son illərdə bu sahədə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. O, Azərbaycanın tarixi abidələri, milli-mədəni irs nümunələri, eləcə də müxtəlif turizm marşrutlarının Oman ictimaiyyəti üçün cəlbedici ola biləcəyini diqqətə çatdırmışdır.
Nazir Seyyid İbrahim bin Səid Əl-Busəidi Oman ilə Azərbaycan arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərildiyini bildirmiş, qarşılıqlı səfərlərin, birgə tədbirlərin və institusional əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Görüş çərçivəsində yaxın zamanlarda Oman Sultanlığında Azərbaycan xalçaçılıq sənətinin təbliği məqsədilə xalça festivalının keçirilməsi məsələsi müzakirə olunmuşdur. Tərəflər bu təşəbbüsün iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, Azərbaycan milli-mədəni irsinin Oman ictimaiyyətinə daha yaxından tanıdılmasına və turizm sahəsində qarşılıqlı marağın artırılmasına töhfə verəcəyini vurğulamışlar.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənəti xalqımızın zəngin tarixini, estetik zövqünü və milli kimliyini əks etdirən mühüm mədəni irs nümunəsidir və bu sənətin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Oman Sultanlığında təşkil olunacaq festival çərçivəsində xalça sərgiləri, ustad dərsləri və mədəni təqdimat proqramlarının keçirilməsi nəzərdə tutulur.
Görüş səmimi və konstruktiv şəraitdə keçmiş, gələcək əməkdaşlıq istiqamətləri üzrə müvafiq qurumlar arasında təmasların davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.