news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 oktyabr 2025

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Maskat şəhərində Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Əl-Xəlili ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan ilə Oman arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin davamlı və yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd edilmişdir. Tərəflər iqtisadiyyat, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini ətraflı müzakirə etmişlər.
Regional logistika və tranzit əlaqələrinin möhkəmləndirilməsi baxımından bağlantı təşəbbüslərinin əhəmiyyəti vurğulanmış, siyasi məsləhətləşmələrin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynadığı bildirilmişdir.
Nazir Ceyhun Bayramov Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Zirvə toplantısına sədrliyinin və Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin dialoqun, birliyin və davamlı inkişafın təşviqi istiqamətində tərəfdaşlıq üçün yeni imkanlar açacağını vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti