Azərbaycan Respublikasının Omandakı səfiri Rəşad İsmayılov Omanın təhsil nazirinin müavini cənab Bader Al Xarusi ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Oman arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, tələbə və akademik mübadilə proqramlarının təşviqi, eləcə də birgə elmi-tədqiqat təşəbbüslərinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfir Rəşad İsmayılov Azərbaycan ilə Oman arasında dostluq münasibətlərinin inkişaf etdiyini qeyd edərək, təhsil sahəsində əməkdaşlığın bu münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.